“Qarabağ KOB-ları layihəsi”nin 2024-cü ildə icrasına dair tədbir keçirilib
13 yanvar 2025, 11:10
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyası və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “Paşa Holding” MMC-nin maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2024-cü ildə icrasına dair tədbir keçirilib.
Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra “Qarabağ KOB-ları” layihəsinə dair video çarx nümayiş olunub.
Tədbirdə bildirilib ki, layihə çərçivəsində 2024-cü ildə Bakı, Gəncə, Bərdə, Goranboyla yanaşı, Füzulidə, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində 70 KOB subyekti yaradılıb. Ümumilikdə isə indiyədək layihə çərçivəsində 120 KOB subyekti yaradılıb. Onlar üçün biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən zəruri təlimlər keçirilib, seçdikləri fəaliyyət proqramları üzrə peşə kursları təşkil olunub. Təlimləri və peşə kursunu uğurla bitirənlər özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlarla təmin edilib. Layihədən faydalanmış sahibkarların məhsul və xidmətlərini təqdim edə biləcəkləri platforma da yaradılıb.
“Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.